Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanda bazar günü 14 yol qəzası olub, nəticədə 2 nəfər ölüb, 26 nəfər xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, ölümlə nəticələnən yol qəzalarından biri Bakının Səbail rayonunda baş verib. "Hyundai" markalı minik avtomobili yolun kənarındakı divara çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Elçin oğlu hadisə yerində vəfat edib.
Ölümlə nəticələnən digər yol qəzası isə Bakı-Qazax yolunun 252-ci kilometrliyində, Ucar rayonu ərazisində baş verib.
1953-cü il təvəllüdlü Qurbanov Elxan Əli oğluna məxsus "VAZ-2107" markalı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Əliyev Elçin Yaşar oğlu tərəfində idarə olunan KAMAZ markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə təcili tibbi yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb.
Sürücüsü Qurbanov aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.