...

Tbilisidə qalmaqallı "həbsxana çəkilişləri"nin müəllifi azadlığa buraxıldı (YENİLƏNİB)

Hadisə Materials 20 Yanvar 2013 12:25 (UTC +04:00)
Tbilisidə 8 saylı həbsxanada zorakılıq və işgəncələr barədə qalmaqallı həbsxana videoçəkilişlərinin müəllifi Vladimir Bedukadze bu gecə Tbilisi Beynəlxalq Aeroportunda saxlanılıb.
Tbilisidə qalmaqallı "həbsxana çəkilişləri"nin müəllifi azadlığa buraxıldı (YENİLƏNİB)

Gürcüstan, Tbilisi, 20 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə 8 saylı həbsxanada zorakılıq və işgəncələr barədə qalmaqallı həbsxana videoçəkilişlərinin müəllifi Vladimir Bedukadze girov müqabilində azadlığa buraxılıb. Trend-in məlumatına görə, bu barədə qərar Gürcüstan Prokurorluğunun məhkəməyə müraciətindən sonra qəbul edilib.

Qeyd edək ki, Bedukadze cümə günü səhər İstanbuldan Tbilisiyə qayıdarkən həbs edilmişdi.

Prokurorluq hesab edir ki, Bedukadze əməkdaşlığa və Tbilisinin 8 saylı həbsxanasında dustaqlara işgəncə verilməsində adı hallanan şəxslərlə bağlı yeni məlumatlar təqdim etməyə hazırdır.

Bedukadze əlavə videokadrlar təqdim etmək və çəkilişlərin şərtləri və onun sifarişçiləri barədə ifadə vermək niyyətində olduğunu bildirmişdi.

Ekspertlərin fikrincə, onun ifadələri əsasında Mixail Saakaşvili hökumətinin daha bir sıra ali məmurlarını cinayət məsuliyyətinə cəlb etmək mümkün olacaq.

Ötən il sentyabrın ortalarında ölkə mətbuatında 8 saylı qadın həbsxanasının məhbusları ilə amansız rəftar edilməsi ilə bağlı videokadrlar yayılmışdı ki, bu da ictimaiyyət arasında geniş etirazlara səbəb olmuşdu. Bir çox ekspertlər hesab edirlər ki, məhz bu kadrlar keçən il oktyabrın 1-də keçirilən parlament seçkilərində Bidzina İvanişvilinin "Gürcü arzusu" müxalifət koalisiyasının qələbəsini təmin etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti