Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir R.Hafizoğlu/
BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətin nizamlanması prosesinə dərhal müdaxilə etməlidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə sərhədlərinin Suriya tərəfindən təkrar atəşə tutulması bu ölkədəki vəziyyətin Türkiyə vətəndaşları üçün təhlükə xarakteri daşıdığını göstərir.
Davudoğlu o cümlədən vurğulayıb ki, Suriyada qan tökülməsinin qarşısını almağın vaxtı çatıb. Əgər BMT Təhlükəsizlik Şurası bunu etməsə, onda öz əhəmiyyətini itirəcək.
Xatırladaq ki, iyul ayının 17-də Türkiyənin Şanlı Urfa vilayətinin Ceylanpınar rayonu Suriya tərəfdən atəşə məruz qalıb. Buna cavab olaraq Türkiyə ordusu atəş açıb.