...

Məhkumun cibindən tiryək çıxdı; İstintaq təcridxanasına daxil olan vəkilin çantasında telefon aşkar edildi (FOTO)

Hadisə Materials 30 Dekabr 2013 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.2; 181.2.4; 181.2.5; 326.1; 66.3 və 66.5-cü maddələri ilə təqsirli bilinərək 11 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Eldar Aslan oğlu Rəhimovun üzərinə baxış keçirilərkən əynindəki şalvarının cibində "West" siqaret qutusunun içərisində gizlədilmiş bir ədəd şüşə qaba qoyulmuş tünd qəhvəyi rəngdə "tiryək" və bir ədəd tibbi şpris aşkar edilərək götürülüb.

Həmçinin Baş İdarənin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Esland Fərhad oğlu Məlikovun yanına qısa müddətli görüşə gəlmiş Cəlilabad rayon sakini vətəndaş Natəvan Məmmədağa qızı Xəlilovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əlindəki çantanın içərisində gizlədilmiş daxilində danışıq kartı olmayan bir ədəd "Samsung" markalı mobil telefon aparatı, bir ədəd "Nar" danışıq kartı və iki ədəd mikro yaddaş kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin, Bakı İstintaq təcridxanasının və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilən zaman çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində "Cin" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1959-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Alışan oğlu Dadaşovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içərisində gizlətdiyi iki ədəd sellofan bükülüdə olan narkotik maddə aşkar edilərək götürülüb.

2 saylı İstintaq təcridxanasına daxil olan, 1959-cu il təvəllüdlü, Bakı şəhəri, D.Əliyev küçəsi ev 174, mənzil 9-da yaşayan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Xatirə Sərdar qızı Hüseynova bir ədəd mobil telefon aparatını müəssisə əməkdaşlarına təhvil verib, bundan sonra onun üzərinə baxış keçirilən zaman onun əl çantasının içərisində daxilində "Nar" danışıq kartı olan bir ədəd "Nokia-1661-2" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Bütün faktlar üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti