Azərbaycan, Bakı, 10 mart /Trend/
Astarada piyadanın xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Ələt-Astara magistralının 220- km-də, Astara rayonunun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Beləki, Astara rayonunun Təngərüd kənd sakini 53 yaşlı Sənan Nəcəfov, idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla, yolda hərəkətdə olan piyada, Hamuşam kənd sakini 21 yaşlı Ayaz Cəbizadəni vurub.
Bundan sonra sürücü idarəetməni itirərək, yolun ehtiyat hissəsində dayanan, 34 yaşlı Loğman Bayramova məxsus "QAZ -2410" markalı avtomaşına çırplıb. "QAZ-2410" markalı avtomaşın da, daş bazarında dayanan "KAMAZ" markalı yük maşınının altına girib.
Qəza zamanı xəsarət alan dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər, stasionarda müalicə alan yaralının ümumi vəziyyətinı orta ağır qiymətləndirib.
İlkin versiyada qəzanın baş verməsinə səbəb, sürücünün əlverişsiz hava şəraitində düzgün sürət həddini seçməməsi göstərilir.
Hazırda, faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar aparılır.