...

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 23 Aprel 2014 12:06 (UTC +04:00)
Bu gün səhər saatlarında Zaqatalada ağır yol qəzası baş verib.
Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 23 aprel/ Trend/

Bu gün səhər saatlarında Zaqatalada ağır yol qəzası baş verib.

Trend-in "Kanal S"-ə istinadən verdiyi məlumata görə, səhər saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində qeydə alınan qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı Balakən sakini Həsənov Ramin Musa oğlu idarə etdiyi 90-CK-276 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb. Avtomobildə olan sərnişin Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə dünyasını dəyişib. Sürücü və digər sərnişinlər Balakən sakinləri, Alqayev Fikrət Amil oğlu və Xəlilov Füzuli Qaşım oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər Həsənov Ramin və Xəlilov Füzulinin vəziyyətini ağır qiymətləndirirlər.

Qəzanın yüksək sürət nəticəsində idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir. Şahidlərin sözlərinə əsasən, avtomobil qəza zamanı təxminən 70 metr məsafədə yoldan kənara düşüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsi tərəfindən cinayət işi başlayıb, araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti