Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Yanvarın 1-dən bu günə qədər Bakı şəhərində 227 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 73 nəfər ölüb, 249 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 hadisə, 3 ölüm və 40 xəsarət faktı artıq müşahidə edilib ki, bu da həyəcan təbilinin çalınmasına zərurət yaradır.
Onun sözlərinə görə, hadisələrin baş verməsinə səbəb sürət həddinin aşılması, ötmə - manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulması və piyadaların avtomobillərlə vurulması olub. Belə ki, hadisələrin 37.7 faizi sürət həddinin aşılmasından baş verib ki, bu da həlak olanların 44.1 faizini, xəsarət alanların isə 33 faizini təşkil edib. Hadisələrin 33.8 faizi isə ötmə və manevr etmə qaydalarının pozulması nəticəsində baş verib və nəticədə 33.8 həlak olan, 36.2 faiz isə xəsarət alan qeydə alınıb. Yol ayrıcını keçmə qaydalarının pozulması nəticəsində qeydə alınan yol nəqliyyat hadisələrinin payı 6.8 faiz olub ki, burada da 8.8 faiz həlak olan və 7.7 isə xəsarət alan qeydə alınıb. Piyadaların vurulması isə hadisələrin 53.1 faizini (110 hadisə) təşkil edib. Nəticədə 50 faiz ölən (34 nəfər), 38 faiz xəsarət alan (84 nəfər) olub.
Bölmə rəisi qeyd edib ki, hadisələrin sayının minimuma endirilməsi üçün yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürət rejiminə əməl etməyən 808 sürücü, manevr etmə qaydalarını pozan 1094 sürücü və yol ayrıclarını keçmə qaydalarını pozan 34392 sürücü cəzalandırılıb. Onun sözlərinə görə, piyadaların da avtomobillərlə vurulmasının qarşısını almaq üçün keçirilən tədbirlər nəticəsində 28339 piyada məsuliyyətə cəlb edilib.
V.Əsədov əlavə edib ki, hadisələr əsasən günün qaranlıq vaxtlarında qeydə alınıb.