...

"Atletlər kəndi"ndəki qəzada təqsirləndirilənlərin məhkəməsi başladı

Hadisə Materials 22 Aprel 2016 13:30 (UTC +04:00)
Məhkəmənin növbəti baxış iclası aprelin 29-na təyin edilib.
"Atletlər kəndi"ndəki qəzada təqsirləndirilənlərin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunları zamanı "Atletlər kəndi"ndə Avstriya yığmasının atletlərinin vurulması ilə nəticələnən qəzada təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Prosesdə təqsirləndirilən şəxslər ifadə verib. V.Əhmədov özünü təqsirli bildiyini, H.Salamovla F.Əmiraslanov özünü təqsirli bilmədiyini, E.Həsənov isə özünü qismən təqsirli bildiyini deyib. V.Əhmədov ifadəsində avtobusun əyləcinin işləmədiyini bildirib və hadisənin də nəqliyyat vasitəsinin nasazlığından baş verdiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, o bundan əvvəl başqa şirkətdə də işləyəndə qəza törədib və şərti cəza alıb.

Məhkəmənin növbəti baxış iclası aprelin 29-na təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyunun 11-də I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda "BakuBus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər" kamerasının operatoru E.Həsənov tutulub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 2016-cı il yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti