...

Dələduzluqda təqsirləndirilən baş redaktor bəraət istədi

Hadisə Materials 3 Aprel 2018 12:32 (UTC +04:00)
“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Dələduzluqda təqsirləndirilən baş redaktor bəraət istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə və digər cinayətlərdə təqsirləndirilən, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə S.Əliyev qısa ifadə verib. O. bildirib ki, o ittihamlarla özünü təqsirli bilmir, zərərçəkmişləri də tanımır: "İstintaqa verdiyim ifadəmi təsdiq edirəm və məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edirəm".

Prosesdə S.Əliyev vəkillərin və dövlət ittihamçısının suallarına cavab verməkdən imtina edib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs H.Nəcəfli isə özünü qismən təqsirli bilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

G.Əliyeva "İlk xəbər" saytının, M.Abbasov isə "Kriminal" qəzetinin baş redaktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti