...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin anbarında mina tapılıb (FOTO)

Hadisə Materials 7 Avqust 2018 19:03 (UTC +04:00)
Minalar zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin anbarında mina tapılıb (FOTO)

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin anbarında mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 15:19-da Daxili İşlər Nazirliyinin (DİN)″102″ Xidməti-Zəng mərkəzi sistemindən və 15:40-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, S.Vurğun küçəsi 8 ünvanında 3 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-nin Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin anbarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd təlim minası (2 ədəd TM-62M və 1 ədəd TM-62P3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların tapıldığı yerin ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti