Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs Şahin Tağıyev deyib ki, rəhbərlik etdiyi qurumun gördüyü işlərdə məbləğlərin şişirdilməsi halları olub: "Lakin bunu podratçı şirkət edib. Mənim marağım, sadəcə bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da, pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma qalan puldan özüm üçün heç kəsdən heç nə almamışam".
Ş.Tağıyev podratçı şirkətə ayrılan pulu bankdan çıxardıqdan sonra “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmova verdiyini deyib.
Ş.Tağıyev həbsdə olan ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovla əlaqəsinin olmadığını deyib: "Mən onu sadəcə aparat rəhbəri kimi tanımışam və başqa heç bir əlaqəm olmayıb".
Məhkəmədə məlum olub ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki ikimərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.
Qəbələdə görüləcək rabitə işlərinə nazirlik tərəfindən ayrılan pulun 90 faizi Oqtay Rüstəmova verilib. Həmin məbləğin 1 faizi bank əməliyyatlarına ayrılıb.
Ş.Tağıyev bildirib ki, qalan 9 faiz məbləğlə isə Qəbələ rayonu ərazisində rabitə işləri görülüb.
Təqsirləndirilən şəxs ümumi mənimsənilən 1 milyondan artıq məbləğin 10 faizini şəxsən mənimsəməkdə günahlandırılır. İstintaqla müəyyən edilib ki, Ş.Tağıyev rəisi olduğu qovşaqda işlərin görülməsi üçün ayrılan vəsaitdən 168 min manatını mənimsəyib.
Ş.Tağıyev bildirib ki, o həmin məbləği mənimsəməsə də, istintaqa ödəyib.
Məhkəmənin növbəti iclası okyabrın 10-na təyin edilib.
Xatlrladaq ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.