...

Bakıda külli miqdarda dərman saxlanılan qanunsuz anbarlar aşkarlanıb (FOTO)

Hadisə Materials 20 Sentyabr 2019 16:02 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb.

Həmin faktla bağlı cinayət işinin istintaqı zamanı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Binəqədi rayonu, Biləcəri – Baksol yolunda yerləşən anbarlara maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib.

Bu zaman həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 və “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkarlanan və eynilik təşkil edən dərman preparatları da daxil olmaqla, ümumilikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının (altı ədəd dolu yük avtomobili həcmində) anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib. Həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb.

Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan, tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd “qara” mühasibatlıq kitabçaları və digər əlyazmalar aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri-istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti