Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
***
15:42
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Trend FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.