...

Tərtərdə mina partlayışında xəsarət alanlardan biri evə buraxılıb

Hadisə Materials 18 Fevral 2022 15:57 (UTC +04:00)
Tərtərdə mina partlayışında xəsarət alanlardan biri evə buraxılıb

Bakı. Samir Əli - Trend:

Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə - 1963-cü il təvəllüdlü Alışah Səfərova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.

Xatırladaq ki, bu gün Tərtər rayon prokurorluğu rayonun Çaylı kəndi ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Kənd ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti