Bakı. Trend:
Şirvanda dilənçilik edən və tüfeyli həyat tərzi keçirən 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Son iki gün ərzində polis əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə 12 nəfər şəxs müəyyən edilərək saxlanılıb və şöbəyə
gətirilib. Burada onlarla profilaktiki söhbətlər aparılıb, hər biri
barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və
əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar
Şirvan şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 7-si inzibati qaydada həbs olunub,
5-i isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər
daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara
göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq,
dilənçiliklə məşğul olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin
edən 3 nəfər şəhər sakini də müəyyən edilib, onlara ciddi
xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq tədbirlər
görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam
etdirilir.