Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Çərşənbə axşamı gecə saatlarında güclü leysan yağışları nəticəsində Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunun Bənəniyar kəndinə xeyli ziyan dəyib. Bənəniyar kənd İcra Nümayəndəliyindən çərşənbə günü verilən məlumata görə, sel nəticəsində kənd yollarına xeyli ziyan dəyib, bir neçə evin uçma təhlükəsi yaranıb.
Culfa rayon İcra Hakimiyyəti və Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyi (FHN) tez bir zamanda hadisə yerinə gələrək müvafiq tədbirlər görüb. Sel nəticəsində ölən, itkin düşən və ciddi xəsarət alan yoxdur. Dəyən ziyan müəyyənləşdirilir.
Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.