...

Şifahi nitqi avtomatik olaraq yazıya çevirən "Dilmanc İmla" daha da təkmilləşdirildi

Maraqlı Materials 2 Mart 2016 16:45 (UTC +04:00)
“Google” Azərbaycanda mövcud olan sistemin analoqunu yaratdı.
Şifahi nitqi avtomatik olaraq yazıya çevirən "Dilmanc İmla" daha da təkmilləşdirildi

Bakı. Trend:

"Google Docs" onlayn xidmətində bu günlərdə istifadəyə verilən səsin köməyi ilə mətnin yığılması və redaktə edilməsi xidməti istifadəçilərin işini daha da asanlaşdırdı. Təəssüf ki, bu xidmət yalnız ingilisdilli istifadəçilər üçün nəzərdə tutulub.

Azərbaycandilli istifadəçilərin isə təəssüflənməyinə dəyməz. Çünki yerli mütəxəssislərimiz dünyanın ən nəhəng internet korporasiyası olan "Google"un proqramçılarından bir neçə il öncə analoji sistemin ölkəmizdə yaradılmasına nail olublar.

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən "Dilmanc İmla" sistemi yaradılıb.
Sözügedən proqram şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, proqramın bu yaxınlarda hazırlanmış yeni versiyası bu günədək mövcud olan digər sistemlərdən fərqli olaraq şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.

Bu proqramı əldə etmək üçün çox sadə təlimatlara əməl etmək kifayətdir.

Əvvəlcə layihənin saytından kompüterə "Dilmac İmla" proqramını yükləmək lazımdır.



Tətbiq onlayn rejimdə kompüter və mobil telefonda işlədiyi üçün eyni proqramı smartfonlarınıza da yükləmək lazım gəlir. "Dilmanc İmla" proqramını ödənişsiz olaraq "Android" və "iOS" əməliyyat sistemləri ilə işləyən telefonlara yükləmək mümkündür.

Yükləmə əməliyyatını başa çatdırdıqdan sonra, kompüterdə "Dilmanc İmla" proqramının pəncərəsində göstərilən birləşmə kodunu mobil telefonunuza daxil edin.

Kodu daxil etdikdən sonra mobil telefonunuzda imla rejimi aktivləşəcək.

Daha sonra "Microsoft Word" və ya digər mətn redaktorlarında fayl yaradaraq kursoru həmin səhifədə saxlayın. Bundan sonra istədiyiniz səsli məlumatı (əvvəlcədən yazılmış və ya hazırda səsləndirdiyiniz səs yazısı) mətnə çevirmək üçün sadəcə ekrana toxunmağınız kifayətdir. Mətnə çevrilən nitq avtomatik olaraq kompüterinizdə yaratdığınız fayla yazılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti