Bakı. Trend:
Potensialı tibbdə olduqca böyük olan mikro-robotlar xəstəlik ocaqlarını aşkar edə, dərmanları dəqiq hədəfə çatdıra və hətta orqanizmin daxilində toxumalarla qarşılıqlı əlaqədə ola bilirlər. Lakin indiyədək onların geniş tətbiqinə konstruksiyanın mürəkkəbliyi, yüksək maya dəyəri və istehsalın əmək tutumlu olması mane olurdu. İndi isə Kaliforniya Texnologiya İnstitutunun alimlər qrupu mikrorobot anlayışını köklü şəkildə sadələşdirərək praktik tibbə doğru mühüm addım atıb. Tədqiqatçılar mürəkkəb 3D-çaplı konstruksiyalardan imtina etməyi və adi bir mikroköpüyü “robot”a çevirməyi təklif ediblər.
Trend xəbər verir ki, araşdırma “Nature Nanotechnology” jurnalında dərc olunub.
Daha əvvəl həmin qrup daxilində qaz köpüyü olan hidrogelli örtüyə malik mikrorobotlardan istifadə edirdi. Bu cür sistemləri maqnitlər və ultrasəs vasitəsilə şişə yönəltmək mümkün idi, lakin onların istehsalı üçün təmiz otaqlar və ixtisaslaşmış avadanlıq tələb olunurdu. Yeni yanaşma isə xeyli sadədir: alimlər albümin zülalı məhluluna ultrasəs təsir göstərməklə minlərlə mikroköpük yaradırlar.
Mikroköpüklərin hərəkət edə bilməsi üçün onların səthinə ureaza fermenti yerləşdirilib. Bu ferment orqanizmdə geniş yayılmış maddələr mübadiləsi məhsulu olan sidik cövhərini parçalayaraq ammonyak və karbon qazı əmələ gətirir. Fermentin köpük ətrafında qeyri-bərabər paylanması kimyəvi asimmetriya yaradır və bu da onun irəliyə doğru hərəkət etməsinə səbəb olur.
