...

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qəsdən törətdiyi kütləvi yanğınlar Avropa üçün də ciddi təhlükədir - millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2008 12:18 (UTC +04:00)

Fransa, Strasburq, 23 yanvar/ Trend , müxbirlər A.Məhərrəmli, İ.Əlizadə/ Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qəsdən törətdiyi kütləvi yanğınlar nəticəsində minlərlə hektar ərazilər, yaşıllıqlar yanaraq məhv olub, flora və faunaya çox ciddi ziyan dəyib və bu kütləvi yanğınlar təkcə Azərbaycan deyil, eyni zamanda Avropanın ekologiyası üçün də ciddi zərbə deməkdir. "Bundan başqa, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlarında neçə illərdir ki, meşələrin kütləvi şəkildə qırılaraq xammal kimi xarici ölkələrə satılması prosesi gedir" - deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) çərşənbə günü keçirilən iclasında "Qlobal istiləşmə və ekoloji fəlakətlər" mövzusu ilə bağlı aparılan müzakirələr zamanı Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. Sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Strasburqda AŞPA-nın qış sessiyası keçirilir. Sessiyada Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya yanvarın 25-də başa çatacaq.

Paşayeva vurğulayıb ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində  qəsdən törətdiyi kütləvi yanğınlarla bağlı Azərbaycan nümayəndə heyəti Avropa Şurası, onun müxtəlif strukturlarında dəfələrlə məsələ qaldırmasına baxmayaraq, qurum tərəfindən  lazımi reaksiya göstərilməyib: "Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində  qəsdən törətdiyi kütləvi yanğınların video və peyk görüntülərinin təqdim olunmasına baxmayaraq, təşkilatın sərt reaksiyası müşahidə olunmadı".

Millət vəkili AŞPA-nı Azərbaycanın işğal altında olan ərazilərində baş verən bu cür ekoloji fəlakətlərin qarşısının alınmasında ciddi səy göstərməyə çağırıb.

"Azərbaycan təmiz içməli su problemi sahəsində də ciddi problemlə üzləşib. Azərbaycanın içməli su ehtiyatlarının böyük bir hissəsi Ermənistanın işğal etdiyi ərazilərdə yerləşir və azərbaycanlılar 15 ildən artıqdır ki, onlardan istifadə edə bilmir. Digər bir ağır problem isə ondan ibarətdir ki, Azərbaycanın içməli su ehtiyatlarının böyük bir hissəsi Azərbaycandan kənarda formalaşır. Ermənistan dövləti öz ərazisindən keçərək Azərbaycana gələn və Azərbaycanın içməli su ehtiyatlarının böyük bir hissəsini formalaşdıran çaylara artıq neçə illərdir ki, kimyəvi, biloji və digər zərərli tuallantıları zərərsizləşdirmədən axıtmaqda davam edir" - deyə Paşayeva əlavə edib. Azərbaycanlı deputat bildirib ki, bütün zavodların, müəssisələrin çirkabları, bütün kanalizasiya tullantıları, kimyəvi və bioloji tullantılar zərərsizləşdirilmədən çaylara axıdılır. Bu da Azərbaycan və onun əhalisi üçün problemlər yaradır.

Xəbər lenti

Xəbər lenti