...

İKT Parlament İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qətnamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2008 18:34 (UTC +04:00)
İKT Parlament İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qətnamə qəbul edib

Azərbaycan, Bakı, 01 fevral / Trend müxbir İ.Əlizadə/ İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) sessiyasının sonunda qəbul olunan Qətnamədə Dağlıq Qarabağla bağlı iki maddə əks olunub. "Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsiylə bağlı BMT-nin qəbul etdiyi dörd Qətnaməni yerinə yetirməsi tələb olunur", -deyə cümə günü İKT Pİ-nın sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

Misirin paytaxtı Qahirədə İTK Pİ-nın sessiyası keçirilib.

Rüstəmxanlı qeyd edib ki, sənəddə Dağlıq Qarabağ, həmçinin, işğal olunmuş digər Azərbaycan ərazilərində Türk-İslam abidələrinin dağıdılmasına son qoyulması tələb olunur: "Sessiya iştirakçıları sənədə yekdilliklə səs veriblər".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 -cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir. İKT Pİ sessiyasında Fələstin, İraq, Sudanın Darfur bölgəsindəki vəziyət, Qüds və Fələstinin işğal olunmuş digər ərazilərinin azad edilməsi, BMT-nin Qətnamələri və beynəlxalq qanunlar vasitəsilə Fələstin xalqının hüquqlarının bərpasına çağırış, İsrail də daxil olmaqla, Yaxın Şərq bölgəsinin kütləvi qırğın və nüvə silahından azad edilməsi və İranın nüvə proqramı, sivilizasiyalararası dialoq, islamofobiya ilə mübarizə məsələləri müzakirə olunub.

Sessiyanın sonunda təşkilati məsələlərə baxılıb və İKT Pİ Komitələrinə seçkilər keçirilib. Azərbaycan nümayəndə heyətindən Gövhər Baxşəliyeva İKT Pİ-nin İcraiyyə Komitəsinə, millət vəkili Sabir Rüstəmxanlı isə, Siyasi Komitəyə üzv seçiliblər.

Azərbaycanı sessiyada deputatlar Gövhər Baxşəliyeva, Sabir Rüstəmxanlı, Xanhüseyn Kazımlı və Miri Qəmbərov təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti