...

Ermənistan dünyanın diqqətini özünün antihumanist hərəkətindən yayındırmağa çalışır - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2008 15:14 (UTC +04:00)
Ermənistan dünyanın diqqətini özünün antihumanist hərəkətindən yayındırmağa çalışır - vitse-spiker

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Parlamentinin sədr müavini Bahar Muradova hesab edir ki, Ermənistan silahlı qüvvələrinin martın 4-5-də atəşkəsi pozaraq vəziyyəti gərginləşdirməsi düyanın diqqətini Ermənistandakı kritik vəziyyətdən yayındırmaq cəhdidir. Muradova bu barədə çərşənbə günü Trend ə açıqlamasında bildirib.

"Ermənistanın hakim dairələri öz xalqına qarşı antihumanist, bəşəri dəyərlərə zidd addım atıb. Erməni rəsmilərinin dünyanın diqqətini özünün bu hərəkətindən yayındırması üçün Ermənistan Silahlı Qüvvələri ötən gün atəşkəsi müddətinə, xarakterinə görə fərqli şəkildə pozublar, cəbhə xəttində gərginlik yaradıblar"-deyə Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, Azərbaycanın xarici siyasət idarəsi bu faktla bağlı beynəlxalq təşkilatları, Minsk qrupu həmsədrlərini məlumatlandırıb. Onun fikrincə, Azərbaycan Ermənistanın belə hərəkətlərinə cavab verməlidir.

Muradova həmçinin deyib ki, Milli Məclis də ermənilərin vəziyyəti gərginləşdirmək cəhdlərinə öz münasibətini bildirəcək: "Parlament Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyinə dəstək verəcək"-deyə vitse-spiker bildirib.

Ermənistan Silahlı Qüvvələri martın 4-ü səhər saatlarından qoşunların təmas xəttində uzun müddətli atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilib ki, atışmalar zamanı Tərtər rayonunun Göyarx kəndi istiqamətində 12 erməni əsgəri məhv edilib, 15-i isə yaralanıb. Vəziyyətin mürəkkəbliyini nəzərə alan düşmən tərəfi martın 5-də saat 01.00 radələrində atəşi dayandırmağa məcbur olub. Atışma zamanı Azərbaycan Silahlı Qüvvələrinin 3 əsgəri - Tusayev Nemət, Qasımov Yusif və İsmayılov Bəhruz şəhid olub, Alcanov Rövşən isə yaralanıb.

Martın 5-də gecə saatlarında isə Tərtər rayonunun Qızıl Oba kəndi istiqamətində düşmən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan hərbçisi Səfərov Ceyhun şəhid olub.

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan öz daxilində baş verən qanlı hadisələrdən, silahlı vətəndaş qarşıdurmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmıq məqsədilə bu cür təxribata əl atıb.

Ermənistanda 19 fevralda keçirilmiş prezident seçkisinin nəticəsinə etiraz olaraq müxalifət fevralın 20-dən mitinqlərə başlayıb. Martın 1-dən erməni polisi aksiyaları dağıtmağa başlayıb və qraşıdurmalar nəticəsində 8 nəfər ölüb, 131 nəfər yaralanıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti