...

Ermənistan tərəfindən işğal olunmuş rayondan olan jurnalistlər BMT-nin Bakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2008 15:00 (UTC +04:00)
Ermənistan tərəfindən işğal olunmuş rayondan olan jurnalistlər BMT-nin Bakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcəklər

Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir İ.Əlizadə/ Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonundan məcburi köçkün düşən və hazırda müxtəlif mətbuat orqanlarında çalışan bir qrup jurnalist aprel ayının 2-də BMT-nin Bakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcəklər. "Aksiya Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 15 il ötməsi ilə bağlıdır" - deyə çərşənbə günü Trend a açıqlamasında təşkilatçılardan biri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib.

Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcərin ərazisinin sahəsi 1936 kv.km, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin Qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonun azad edilməsi ilə bağlı 854-cü, Füzili rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü Qətnaməsi qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalmaqdadır.

Eyvazlı bildirib ki, aksiyanın keçirilməsinə icazə verilməsi və təhlükəsizliyinin təmin olunması üçün çərşənbə günü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət ediblər. Aksiyanın saat 12.00-da keçirilməsi planlaşdırılıb və 50-dək jurnalistin iştirakı gözlənilir.

"Hesab edirik ki, BMT Təhlükəsizlik Şurası ya öz gücsüzlüyünü, ya da Qarabağ proleminin ədalətli həllinin tərəfdarı olmadığını etiraf etməlidir" - deyə Eyvazlı əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti