...

ATƏT-in Minsk Qrupunun həmsədrləri gözəl işləyirlər – Ermənistan XİN-in rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2008 16:34 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri gözəl işləyirlər – Ermənistan XİN-in rəhbəri

Rusiya, Moskva, 28 mart/ Trend müxbir R.Ağayev/ Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin işindən razıdır və Azərbaycanın onların dəyişdirilməsinə dair mümkün təşəbbüsü ilə razı deyil. "Düşünürəm ki, həmsədrlər gözəl işləyirlər. Mən düşünmürəm ki, Azərbaycanın belə bir şeyi təklif etməyə haqqı var - bunu Azərbaycan həll etmir", - cümə günü Moskvada Trend -un müxbirinin sualına cavab verən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib.

Azərbaycan bir müddət əvvəl erməni-Azərbaycan Dağlıq Qarbağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurunun öyrənilməsi məqsədilə ATƏT-in Vyanadakı katibliyinə müraciət edib. Yerli KİV-in qeyd etdiyi kimi, buna səbəb Rusiya, Fransa və ABŞ-ın simasında ATƏT həmsədrlərinin martın 14-də BMT Baş Assambleyasında qəbul edilən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" qətnamənin əleyhinə səs verməsi ilə əlaqədar Azərbaycan hakimiyyətinin narazılığı olub.

Oskanyanın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təyin edilməsi məsələsində ayrı mexanizmlər mövcuddur. Bu həmsədr ölkələr öz nümayəndələrinin dəyişdirilib-dəyişdirilməməyinə özləri qərar verməlidirlər", - nazir bildirib. Onun sözlərinə görə, münaqişə tərəfləri kifayət qədər uzun müddətdir ki, MQ həmsədrləri ilə əməkdaşlıq edirlər. "Onlar Azərbaycan və Ermənistanın nümayəndələri ilə birlikdə əsas sənədin müəllifləridirlər. Həmsədrlər böyük iş görüblər və əgər həmsədrlərin tərkibində hər hansı bir dəyişiklik baş verəcəksə bu çox təəssüf hissi doğuracaq", - Oskanyan bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Moskva və Vaşinqtonun rəsmi nümayəndələri Bakının ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurunun öyrənilməsi haqqında Bakının təşəbbüsünə artıq reaksiya veriblər. Onlar MQ-nin fəaliyyətini dəstəkləyib və onun işinin effektivliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti