Qarabağ problemi artıq uzun müddətdir ki, Rusiyanın Azərbaycana təsir vasitəsi deyil. Bu barədə çərşənbə axşamı hazırki Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş video-körpü zamanı rusiyalı politoloq Aleksey Malaşenko bildirib.
"Əksinə, münaqişə edən tərəflərin özləri münaqişənin nizamlanması üçün Rusiyanın öz səylərini fəallaşdırmadığı halda, Qərbə gedəcəkləri haqqında açıq bəyanatlarla çıxış edərək, Dağlıq Qarabağ münaqişəsindən Rusiyaya təzyiq kimi istifadə edirlər", - Malaşenko bildirib.
Politoloqun rəyinə görə, münaqişə daxildən həll edilməlidir.
Azərbaycan, birmənalı olaraq, Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın Azərbaycanı dəstəkləyəcəyinə ümid etmir. "Lakin, biz ümid edirik ki, Kreml yalnız öz ölkəsinə görə deyil, həm də Rusiyanı sıx tarixi və mədəni əlaqələrin birləşdirdiyi nəhəng məkana görə öz məsuliyyətini dərk edəcək. Bu sözlərlə azərbaycanlı politoloq Rəşad Rzaquliyev çıxış edib.
"Bakı Dağlıq Qarabağ münaqişəsinin birdəfəyə həll edilməsi ilə bağlı xəyallarla yaşamır. Lakin bu istiqamətdə irəliyə hərəkəti təmin etmək mümkündür və lazımdır", - azərbaycanlı politoloq Rasim Musabəyov bildirib.
O, müvafiq hərəkətlərlə uğur əldə etməyin mümkün olduğunu bildirib. "Azərbaycan təhlükəsizlik, energetik əməkdaşlıq və regionda sabitliyin təmin edilməsində Rusiya üçün çox vacib tərəfdaşdır", - Musabəyov qeyd edib.