Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir B.Həsənov / Türkiyənin müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) deputatı Reşat Doğru 26 fevral tarixinin Türkiyədə Xocalı soyqırımının anım günü kimi qeyd edilməsini təklif edib.
"Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı Türkiyənin ciddi addımlar atmasını gözləyir. 26 fevral tarixinin Türkiyədə Xocalı soyqırımının anım günü keçirilməsi ilə bağlı Türkiyə parlamentinə qərar layihəsi təqdim etmişəm və bu qərarın tezliklə qəbul olunması çox vacibdir", - çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin (Parlament) TRT-3 kanalı ilə canlı yayımlanan iclasında çıxışı zamanı Doğru bildirib.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Məqalə müəllifi ilə əlaqə: [email protected]