...

Üç erməni hərbçisi cəbhə xəttini könüllü olaraq keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2009 16:49 (UTC +04:00)
Üç erməni hərbçisi cəbhə xəttini könüllü olaraq keçib

Azərbaycan, Bakı, 1 mart / Trend Ş.Cəliloğlu/ Fevralın 28-də Ağdam rayonu ərazisində cəbhə xəttini keçən üç erməni hərbçisi bunu könüllü edib. Trend -un verdiyi xəbərə görə, onları ilk görən Azərbaycan vətəndaşı Zümrüd Əliyeva bildirib ki, ermənilərlə söhbət zamanı onlar Ermənistan ordusundakı dözülməz vəziyyətdən şikayət edib.

"Söhbət əsnasında ermənilər bildirdilər ki, Ermənistan ordusunda ərzaq təminatı ilə bağlı ciddi problemlər var. Onlardan biri hətta söylədi ki, sağlıq durumundan dəfələrlə şikayət etsə də, xidmət etdiyi hərbi hissənin komandiri onun yalvarışlarına məhəl qoymayıb. Məhz Ermənistan ordusundakı dözülməz şərait onları Azərbaycan tərəfinə keçməyə vadar edib", - deyə o vurğulayıb.

Artıq Azərbaycan tərəfinə keçən ermənilərin kimliyi məlumdur. Bunlar Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyandır.

Erməni tərəfi də artıq erməni hərbçilərinin cəbhə xəttini keçməsi ilə bağlı faktı təsdiqləyib.
 
Fevralın 28-də gecə saat 1-2 radələrində erməni hərbçiləri Ağdamın Evcidüzü adlanan ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinin yaxınlığına gələrək rus dilində ondan çörək istəyiblər.

Əliyeva onların öz aralarında erməni dilində söhbət etdiklərini eşidib və bu barədə yaxınlığdakı hərbi hissənin əsgərlərinə məlumat verib. Bundan sonra erməni hərbçiləri saxlanılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti