...

Türkiyənin sərhədləri açmasından qazanacaq yeganə tərəf Ermənistan olacaq – azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2009 11:07 (UTC +04:00)
Türkiyənin sərhədləri açmasından qazanacaq yeganə tərəf Ermənistan olacaq – azərbaycanlı deputat

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan parlamentinin (Milli Məclis) deputatı  Qənirə Paşayeva hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından qazanacaq yeganə tərəf Ermənistan olacaq.

"Sərhədlərin açılması Azərbaycan kimi, Türkiyənin də maraqlarına ziddir. Bu gün Ermənistanın sosial-iqtisadi vəziyyəti məhvə gedir. Sərhədlərin açılması Ermənistanın iqtisadi inkişafına müəyyən təkanlar verəcək", - cümə axşamı jurnalistlərə Paşayeva deyib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Millət vəkilinin sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik etməyəcək. "Əksinə, Ermənistan özünü daha güclənmiş hiss edəcək. Ümid edirəm ki, Türkiyə bu məsələni geniş analiz edəcək və sərhədlər açılmayacaq", - deputat bildirib.  

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti