...

Azərbaycanın paytaxt və bölgələrində Şuşanın işğalının ildönümü ilə bağlı aksiyalar keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2009 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , C.Babayeva /

Azərbaycanın Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 17-ci ildönümü ilə bağlı Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakı və bölgələrdə aksiyalar keçirib.

QAT fəalları cümə günü Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaq!" şüarı altında keçirilən aksiyada iştirakçılar beynəlxalq təşkilatların ədalətsiz və ikili standartlarına qarşı etirzalarını bildiriblər, cümə günü QAT-ın yaydığı məlumatda deyilir.

QAT-ın 500 fəalı İmişlidə yürüş keçirib, yürüş Şəhidlər Xiyabanında mitinqlə yekunlaşıb. Ağsu, Şəki, Mingəçevir və digər bölgələrdə Şəhidlər Xiyabanı ziyarət edilib, anım mərasimləri keçirilib.

Trend -un arayışı: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunub. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, o zaman təxminən 22 minə yaxın insan qaçqın düşüb. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

QAT-ın məlumatında bildirilib ki, bəzi yerlərdə polis aksiyalara imkan verməyib.

"Gəncədə polisin müqavimətinə baxmayaraq, Şəhidlər Xiyabanına doğru yürüş edilib, aksiya keçirilib. Sumqayıtda aksiya iştirkaçılarının yürüş keçirmək, vərəqələr paylamaq, Ermənistanın bayrağını yandırmaq cəhdlərinin qarşısı polislər tərəfindən alınıb və çox sayda aksiya iştirakçısı həbs olunaraq polis idarəsinə aparılıb. QAT-ın Bərdə, Ağdam və Tərtər şöbələrinin Bərdədə yürüş və anım mərasimi keçirmək cəhdinin qarşısı polislər tərəfindən alınıb", - məlumatda deyilir. 

QAT yerli icra hakimiyyətlərinin, polis şöbələrinin aksiyaların keçirilməsinə imkan verməmələrini, zorakılıq hərəkətlərini qətiyyətlə pisləyib.

Trend -un arayışı: QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti