...

Dağlıq Qarabağın azərbaycanlı icmasının mətbu orqanının yaradılması təklif olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir A.Hüseynbala /

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin cümə günü keçirilən birinci qurultayında mətbu orqanının yaradılması təklif olunub.

"Mətbu orqanının yaradılması Dağlıq Qarabağ həqiqətlərinin və ermənilərin işğalçılıq əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynaya bilər", - Trend -un məlumatına görə, qurultayda çıxışı zamanı Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirib.

Trend -un arayışı: Bu gün "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin qurultayı işinə başlayıb.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə məşğul olan təşkilatlar bizimlə hesablaşmağa məcburdurlar. Təşkilatlanmanı elə səviyyədə qurmalıyıq ki, beynəlxalq təşkilatlar yeri gələndə bizim rəyimizi öyrənsin, fikrimizlə hesablaşsın", - daha öncə  Trend -a icmanın həmtəsisçisi, millət vəkili Elman Məmmədov bildirib.

İcmanın ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. Bəhmənov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında "Dağlıq Qarabağın azərbaycanlı icması"nı da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Usubovun fikrincə, icma fəallığını artırmaqla işğal altında olan torpaqların azad edilməsinə kömək edə bilər.

"İcma həmçinin münaqişə nəticəsində əsir və girov götürülən azərbaycanlıların geri qaytarılması üçün səylərini artırmalıdır", - icra başçısı deyib.

İcmanın həmtəsisçisi, millət vəkili Həvva Məmmədova isə çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi üçün icmanın fəaliyyəti daha da genişləndirilməlidir.

"İcma daha da təşkilatlanmış şəkildə fəaliyyət göstərməlidir və bu istiqamətdə millət vəkillərinin üzərinə böyük məsuliyyət düşür", - Məmmədova deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti