...

Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq aləmdəki proseslərdən asılıdır – Azərbaycanın hakim partiyasının icra katibinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq aləmdəki proseslərdən və Ermənistana məlum güclərin nə dərəcədə təsir göstərəcəyindən asılı olduğunu düşünür.

"Münaqişənin həllinin bu qədər yubanmasının əsas səbəblərindən biri beynəlxalq təşkilatların təcavüzkara qarşı təzyiq metodundan istifadə etməməsidir. Təcavüzkarla təcavüzə məruz qalan tərəzinin eyni gözündə saxlanılırsa, bu zaman ədalət pozulur və məsələnin həlli yubanır", - çərşənbə günü Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Ötən həftə ATƏT-in Mins Qrupunun həmsədr dövlətlərindən olan ABŞ-ın Dövlət Departamenti 6 bənddən ibarət Madrid prinsiplərini açıqlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

 

Hakim partiya funksioneri deyib ki, ötən həftə açıqlanan Madrid prinsiplərindəki bəzi müddəalarla qətiyyən razılaşmaq olmaz. "Həmin prinsiplərdə qeyd edilir ki, guya keçid mərhələsi yaradılmalı, bu sonradan tədricən Dağlıq Qarabağ üzərində Azərbaycanın təsirinin azaldılmasına yönəlməlidir. Əgər həmsədrlər bu prinsipləri ümidverici hesab edirlərsə, o zaman Azərbaycan buna heç cür razı deyil", - Qurbanlı bildirib.

Qurbanlının sözlərinə görə, bü günlərdə açıqlanan Madrid prinsiplərinə baxmayaraq, Azərbaycanın mövqeyini prezident İlham Əliyev birmənalı bəyan edib: "Yəni, bir qarış da olsun torpaq güzəştə gedilməyəcək və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - hakim partiya funksioneri əlavə edib.

Onun fikrincə, Azərbaycan prezidentinin mövqeyi hamı tərəfindən qəbul olunmalıdır: "Ona görə düşünürəm ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ümidverici sözləri, bəyanatları hələlik onların hansı prinsipləri nəzərdə tutduğunu ortaya qoymur. Əgər Azərbaycanın ərazi bütövlüyünə, yaxud gələcəkdə Dağlıq Qarabağ üzərində Azərbaycanın idarəçilik prinsiplərinin qorunub saxlanılmasına zidd fikirləri iddia edirlərsə, onda bu mümkün deyil", - Qurbanlı vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti