Azərbaycan, Bakı, 8 dekabr / Trend , müxbir M.Əliyev/
Minsk Qrupu çərçivəsində 15 ildən artıq aparılan danışqların heç bir səmərə verməməsi Azərbaycanı toraqlarını işğaldan azad etmək üçün başqa vasitələrə əl atmağa vadar edir, Trend -un məlumatına görə, bunu çərşənbə axşamı ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Rocer Bredi ilə görüşündə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev deyib.
Əbiyev dekabrın 8-də ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Bredi qəbul edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Görüşdə ABŞ-la Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]