Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir S.Ağayeva/
Çexiyanın Lidiçe şəhərinin küçələrindən biri bundan sonra Xocalı adlandırılacaq. Bu barədə qərarı şəhərin icra hakimiyyəti qəbul edib.
"Lidiçe şəhər İcra Hakimiyyətinin başçısı Yosef Klima bu gün AZƏR-ÇEX Cəmiyyətinin sədri Elşən Nəzərova qəbul etdikləri tarixi qərarı təqdim edib", - cəmiyyətin məlumatında deyilir.
Qərara əsasən, bu iki şəhər bundan sonra qardaş şəhərlər olacaq.
Bu təşəbbüsü ilk dəfə AZƏR-ÇEX Cəmiyyəti 2007-ci ildə irəli sürüb.
Lidiçe 1942-ci ildə faşistlər tərəfindən dağıdılıb, şəhər əhalisi isə terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı da bundadır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədilib, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə vəhşicəsinə divan tutulub. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir olub. Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakinini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.