Ermənistanda əsir və girov saxlanılan və zorakılığa məruz qalan azərbaycanlı qadınlar pozulan haqlarının müdafiəsini gözləyir - deputat Qənirə Paşayeva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2010 14:37 (UTC +04:00)

Fransa, Strasburq, 27 aprel /Trend, müxbir A.Məhərrəmli/

Xanım Kristina Kiurunun məruzəsində mənim ölkəmin - Azərbaycanın Dağlıq Qarabağ probleminin də adı vurğulanır, - Trend-in məlumatına görə, AŞ PA-nın yaz sessiyası çərçivəsində Finlandiyadan olan deputat xanım Kristina Kiurunun "Qadınların Avropada həll olunmamış münaqişələrin qarşısının alınması və nizamlanmasına cəlb edilməsi" adlı məruzə ətrafında çıxışı zamanı bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva söyləyib.

"Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsində və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində vurğulandığı kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xanım Kiurunun qətnamə layihəsində vurğulandığı kimi, doğrudan da münaqişələrin əsas qurbanları qadınlar olurlar, onlar zorakılıqlara məruz qalır və xüsusi çətinliklərlə üzləşirlər. Mən 15 ildən artırdır, öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qadın qaçqın və məcburi köçkünlərdən danışmaq istəyirəm. Bunun bütün Avropa məkanında analoqu yoxdur. 100 minlərlə qadın üzünü sizə tutaraq, onların Ermənistan tərəfindən pozulan insan haqlarının müdafiəsini gözləyir. 15 ildən artıqdır, yüzlərlə azərbaycanlı Ermənistnada əsir saxlanılır. İndi həmin insanların analarının, bacılarının, həyat yoldaşlarının, qızlarının çəkdiyi əziyyətləri düşünün. 15 ildən artıqdır ki, Ermənistanda əsir və girov saxlanılan və zorakılığa məruz qalan azərbaycanlı qadın və qızlar sizdən onların pozulan haqlarının müdafiəsini gözləyir. Onlar arasında bütün bu zorakılıqlara dözərək, sağ qalanlar sizdən evlərinə dönmək üçün kömək gözləyir", - Paşayeva deyib.

Paşayevanın sözlərinə görə, qurumun qəbul etdiyi 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına geri dönməsinə imkan yaradılmalıdır.

"Amma çox təəssüf ki, neçə il keçməsinə baxmayaraq, qətnaməni yerinə yetirməyən Ermənistana qarşı AŞ PA tərəfindən heç bir təsir və təzyiq edilmir. Mən Azərbaycanın Ermənsitanla sərhəd bölgəsini təmsil edən millət vəkiliyəm. Ermənistan silahlı qüvvələri bu gün işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları mövqelərindən Azərbaycan kəndlərini snayperlərdən atəşə tutaraq, öz həyətində, tarlasında işləyən qadınları yaralayır, qətlə yetirirlər. Bir neçə gün bundan əvvəl bir müəllimə dərsə gedərkən Ermənistan silahlı qüvvələrinin snayperləri onu güllə ilə vuraraq ağır yaralayıb. Mən bir çox ölkələrin səfirlərini sizə danışdığım hadisələrin baş verdiyi kəndlərə dəvət etmişəm və onlar gördüklərindən dəhşətə gəlib. İşğal edilmiş torpaqlarda azərbaycanlılara məxsus qəbiristanlıqlar dağıdılır. Sizcə, bir qadın, bir ana üçün bundan dəhşətli nə mənzərə ola bilər?" - Paşayeva vurğulayıb.

Deputat bildirib ki, məruzədə deyildiyi kimi, münaqişələrin əsas qurbanı qadınlar olur və onlar böyük çətinliklərlə üzləşir. Bu səbəbdən də münaqişələrin tənzimlənməsi prosesində qadınların rolunun artırılması vacib və əhəmiyyətlidir.

"Eyni zamanda, biz AŞ PA-da təmsil olunan qadın millət vəkilləri də bu proseslərdə öz aktivliyimizi artırmalı və bu münaqişələrin tənzimlənməsi istiqamətində qəbul olunan qətnamələrin yerinə yetirilməsi istiqamətində tələb və təkliflərimizi irəli sürməliyik. Biz AŞ-da təmsil oluna millət vəkilləri olaraq, illərlə haqları tapdalanan qadınların yanında olmayılıq. O, qadınların Avropanın hansı hissəsində yaşamasından, hansı milliyyətin nümayəndələri olmaslndan asılı olmayaraq, heç bir ikili standartlara yol verməyərək, onların hüquqlarının müdafiəsi istiqamətində səylərimizi artırmayılıq", - Paşayeva çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti