...

Ankara və Moskvanın yaxınlaşması Azərbaycanın maraqlarının irəliləməsinə kömək edəcək – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2010 09:00 (UTC +04:00)
Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycanın maraqlarının irəliləməsinə, ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunmasına kömək edəcək. Ekspertlər belə hesab edirlər.
Ankara və Moskvanın yaxınlaşması Azərbaycanın maraqlarının irəliləməsinə kömək edəcək – ekspertlər

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Tarıverdiyeva/

Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycanın maraqlarının irəliləməsinə, ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunmasına kömək edəcək. Ekspertlər belə hesab edirlər.

"Türkiyənin Dağlıq Qarabağ məsələsinə müdaxiləsi münaqişənin həllinə zəmanət vermir, lakin Azərbaycanın maraqlarının müdafiəsinə zəmanət verir", - Türkiyə hökuməti başçısının Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Ramazanoğlu Trend-ə bildirib.

"Moskva və Ankara Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək niyyətindədirlər", - Rusiya Prezidenti Dmitri Medvedev türkiyəli həmkarı Abdullah Güllə danışıqların yekunları üzrə keçirtdiyi mətbuat konfransında çərşənbə günü bəyan edib. Məlumatı "Rusiya-24" telekanalı yayıb.

"Rusiya da, Türkiyə də Qafqaz regionunda sabitliyin möhkəmlənməsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır, mən öz növbəmdə Rusiya Federasiyasını nəzərdə tuturam, biz bütün imkanlardan, nüfuz və təsirlərdən istifadə edərək bu prosesi irəli aparacağıq", - Medvedev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ekspertlərin fikrincə, hətta Ankara və Moskva yaxınlaşması qısamüddətli perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həllinə zəmanət verməsə də, Türkiyə Azərbaycanın regiondakı maraqlarına lobbiçilik edə bilər.

Azərbaycanlı politoloq Fikrət Sadıqovun fikrincə, Türkiyə-Rusiya yaxınlaşması, ölkə prezidentlərinin qarşılıqlı səfərləri, xüsusən də viza rejiminin ləğvi Dağlıq Qarabağ məsələsinin həllinə və Azərbaycanın mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.

"Türkiyə bizim ən yaxın müttəfiqimiz, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin asılı olduğu Rusiya strateji tərəfdaşımızdır və son hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları prosesinə müsbət dinamika verə bilər", - Sadıqov ehtimal edir.

Türkiyəli politoloq Ramazanoğlunu fikrincə, Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra keçiriləcək Dağlıq Qarabağ üzrə danışıqlar uğurlu olmalıdır.

"Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduqlarını bəyan edən tərəflər, eləcə də Minsk qrupunun iştirakçıları həqiqətən Azərbaycanı heç də həmişə dəstəkləməyiblər, indi isə Türkiyənin Azərbaycanın maraqlarına lobbiçilik etmək üçün real şansı meydana çıxıb", - Ramazanoğlu Ankaradan telefonla bildirib.

Erməni deputat Aram Səfəryanın fikrincə, son bir neçə il ərzində Rusiya ilə Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir və istisnasız olaraq qarşılıqlı maraq və faydaya əsaslanır. "Reqnum" xəbər verir. "Ankara Rusiya ilə münasibətlərində artan rolundan Cənubi Qafqaz regionunda öz təsirini artırmaq üçün istifadə etməyə cəhd edir", - "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının katibi Səfəryan bildirib. - "Əminəm ki, Türkiyə Azərbaycanla bu istiqamətdə birgə çalışır və tezliklə eyni mövqedən çıxış edəcəklər".

Cənubi Qafqaz üzrə avropalı ekspert Svante Kornelin fikrincə, prezidentlərin görüşünün nəticələrindən danışmaq hələ çox tezdir.

"Belə görüşlər dünən səsləndirilən bəyanatlar kimi nadir hadisə deyil, lakin onlar Dağlıq Qarabağ probleminin həllində irəliləyişə gətirib çıxarmırlar. Hazırda Dağlıq Qarabağ probleminin həlli üçün əsaslı heç bir iş görülmür", - Trend-ə Stolkholmdan telefonla Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel deyib.

Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrləri tərkibində mümkün iştirakı ilə bağlı ekspertlərin fikirləri fərqlidir.

Əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bundan sonra da uğurlu istiqamətdə fəaliyyət göstərərsə, o zaman Türkiyə də danışıqlar prosesində iştirak etmək məsələsinə baxa bilər. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada Rusiya Prezidenti Dmitri Medvedyevlə birgə mətbuat konfransında bəyan edib. Məlumatı "Rusiya-24" telekanalı yayıb.

"Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri ola bilməsi mümkünlüyü boş sözlərdir. Çünki Ermənistan buna heç vaxt razı olmaz", - Ramazanoğlu belə hesab edir.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Türkiyə və Rusiya prezidentlərinin Dağlıq Qarabağ problemini müzakirə etməsinə şübhə ilə yanaşır.

"Düşünmürəm ki, Rusiya Türkiyə ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etsin. Rusiya könüllü və ya məcburi qaydada ATƏT-in Minsk qrupunun həmsədrlərini oyundan çıxarır və öz maraqlarının xeyrinə onlara təsir edir", - Əhmədoğlu hesab edir.

Onun sözlərinə görə, Rusiya bu prosesdə regiondakı digər ölkələrin, o cümlədən Türkiyə ilə İranın birləşməsinə yol verməmək üçün əlindən gələn hər şeyi edir.

"Medvedevin Ankaradakı bəyanatı Türkiyəyə hörməti lazımi dərəcədə qiymətləndirməkdən irəli gəlir. Türkiyə tərəfinin dedikləri isə səmimidir, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə proseslərin fəallaşmasını istəyirlər", - mərkəzin direktoru qeyd edib.

Sadıqov Türkiyə tərəfinin bu məsələdə vasitəçilik səyləri göstərməyə hazır olması barədə bəyanatını və Prezident İlham Əliyevin Moskvada Qələbə Günü təntənələrində iştirakından sonra Rusiya müdafiə nazirinin Bakıya səfəri zamanı verdiyi bəyanat arasındakı oxşarlığı göstərərək bu proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyinə ümidini ifadə edib.

"Hazırda Ermənistan küncə sıxışdırılıb və yenilənmiş Madrid prinsipləri ilə bağlı dəqiq cavab verməlidir. O anlayır ki, istənilən variantda bu sənəd Azərbaycan topraqlarının işğaldan azad olunmasının başlanmasına gətirib çıxaracaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti