...

Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur - millət vəkili Qənirə Paşayeva (YENİLƏNİB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2010 13:58 (UTC +04:00)
Ermənistan, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur
Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur - millət vəkili Qənirə Paşayeva (YENİLƏNİB) (FOTO)

RED: əlavəsi: Pekində keçirilən Ümumdünya Qadın Sammitində millət vəkili Qənirə Paşayevanın çıxışı yenilənib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Hüseynbala/

Ermənistan, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksəksəviyyəli qadınlar başda olmaqla, dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini və öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini gözləyirlər, - bunu Pekində Ümumdünya Qadın Sammitində çıxış edən millət vəkili deputat Qənirə Paşayeva bildirib.

Pekində Ümumdünya Qadın Sammiti öz işinə başlayıb. Dünyanın 80-dən artıq ölkəsindən 1 000-dən atrıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən nazir qadınlar, birinci xanımlar, dövlətlərdə yüksək vəzifə tutan, ictimai-siyasi xadim qadınlar, işgüzar, biznesmen qadınlar, böyük şirkətlərin qadın idarəçiləri qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparır, konkret təkliflərlə çıxış edirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Sammitin rəsmi açılış mərasimindən əvvəl müxtəlif ölkələri təmsil edən nazir qadınların iştirakı ilə geniş toplantı və müzakirələr keçirilib. Sammitin prezidenti İrene Natvidadın dəvəti ilə sammitdə iştirak edən millət vəkili Qənirə Paşayeva da bu müzakirələrdə iştirak edib və nazir xanımlara Azərbaycanla bağlı geniş məlumatlar verib.

Millət vəkili Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistanın yeritdiyi monoetnik təmizləmə siyasəti nəticəsində, 1988-ci ildə 200 mindən artıq azərbaycanlı Ermənistandan - öz tarixi ata-baba yurdlarından, evlərindən zorla qovularaq qaçqına çevrilib.

"Bunun ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün15 ildən artıqdır, öz yurd-yuvasına dönə bilmir", - Paşayeva deyib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm faktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair Heydər Əliyev Fondunun hazırladığı kitabları və materialları da təqdim edib.

Paşayeva tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili, son bələdiyyə seçkilərindən sonra, qadınların bələdiyyələrdə təmsilçiliyinin 30 faizə çatmasının müsbət bir hadisə olduğunu vurğulayıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən milllət vəkili, onların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, "Gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözləyirik", - deyib.

Paşayeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də danışıb. Qeyri-hökumət təşkilatı olaraq, Heydər Əliyev Fondunun nəinki yerli, hətta beynəlxalq səviyyədə də bir çox əhəmiyyətli layihələr həyata keçirdiyini deyən millət vəkili, Fondun Pakistanda zəlzələdən zərər çəkmiş bölgədə qızlar üçün tikdirdiyi yüksəksəviyyəli məktəbin qızların təhsilinə dəstək kimi müsbət bir örnək olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti