...

Dağlıq Qarabağ məsələsində məğlubiyyət Ermənistanın qapısı ağzındadır – azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2010 13:49 (UTC +04:00)
Ermənistanın apardığı siyasət onu ağır vəziyyətə salıb və Dağlıq Qarabağ məsələsində məğlubiyyət onun qapısı ağzındadır.
Dağlıq Qarabağ məsələsində məğlubiyyət Ermənistanın qapısı ağzındadır – azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Ermənistanın apardığı siyasət onu ağır vəziyyətə salıb və Dağlıq Qarabağ məsələsində məğlubiyyət onun qapısı ağzındadır, - bu barədə çərşənbə axşamı Trend BİA-da keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

"Məğlubiyyətdən yaxa qurtarmaq üçün Ermənistanın resursu yoxdur. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Ermənistanda struktur parçalanması gedir. Həm müxalifət, həm də iqtidar daxilində parçalanma baş verir. Bundan əlavə, Ermənistanın illik büdcəsi 1,8 mlrd dollar olduğu halda, xarici borcu 4,5 mlrd dollar təşkil edir", - Əhmədoğlu əlavə edib.

Əhmədoğlu qeyd edib ki, Ermənistanın əsas ümidi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) idi.

"Qırğızıstanda baş verən hadisələr KTMT-nin gücü olmadığını göstərdi", - politoloq deyib.

Politoloq Böyük Britaniya təşkilatı tərəfindən bu yaxınlarda Ermənistanda və Dağlıq Qarabağda keçirilən rəy sorğusundan da söz açıb.

"Böyük Britaniya təşkilatı tərəfindən Dağlıq Qarabağda və Ermənistanda keçirilən sosioloji sorğu nəticəsində müəyyən olunub ki, respondentlərin 54%-i status-kvonun ləğv olunmasını istəyir. Yalnız 17% respondent Qarabağın müstəqil olmasına və ya Ermənistana birləşməsinə səs verib. Bu, Ermənistanda ictimai rəyin dəyişdiyini göstərir", - Əhmədoğlu əlavə edib.

Politoloq hesab edir ki, Ermənistan prezidenti bu yaxınlarda qəti addım atmalıdır.

"Həmsədrlərin bəyanatının Ermənistanda alqışla qarşılanması bu ölkənin çıxılmaz vəziyyətdə olduğunu göstərir. Serj Sarkisyan yaxın vaxtlarda qəti addım atmalıdır ki, ölkəni bu vəziyyətdən çıxarsın. Ya müharibəni başlatmalıdır, ya da işğal altında olan torpaqlardan çıxmalıdır", - politoloq vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti