...

Ermənistan növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirdi – Azərbaycanın vitse-spikeri Bahar Muradova

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2010 14:19 (UTC +04:00)
Erməni tərəfi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirdi və görüşün əhəmiyyətini kifayət qədər azaltdı.
Ermənistan növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirdi – Azərbaycanın vitse-spikeri Bahar Muradova

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Erməni tərəfi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirdi və görüşün əhəmiyyətini kifayət qədər azaltdı. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-də nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

"Bununla belə, məsələnin görüş çərçivəsində gündəlikdə olması və həmsədr ölkələrin xarici işlər nazirlərinin məsələ ilə bağlı bəyanatla çıxış etməsi müsbət haldır", - Muradova əlavə edib.

ATƏT-ə üzv ölkələrin Almatı şəhərində iyulun 17-də keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü olub.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər çox idi.

"Çünki indiyə qədər münaqişənin sülh yolu ilə həlli istiqamətində böyük yol qət edilib və eyni zamanda, bu görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin toplanıtısı çərçivəsində keçirilib. Bütün bunlar həmin görüşün önəmini artıran məqamlar idi", - Muradova bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti