...

BMT Beynəlxalq Məhkəməsinin konsultativ qərarı yalnız Kosovo məsələsinə aiddir – Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2010 16:17 (UTC +04:00)
Kosovo münaqişəsi digər münaqişələr kimi unikaldır və onun yeganə həll metodu yoxdur. Bunu Trend-ə cümə günü Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib.
BMT Beynəlxalq Məhkəməsinin konsultativ qərarı yalnız Kosovo məsələsinə aiddir – Azərbaycan XİN

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Kosovo münaqişəsi digər münaqişələr kimi unikaldır və onun yeganə həll metodu yoxdur. Bunu Trend-ə cümə günü Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib.

"Azərbaycan Serbiyanın ərazi bütövlüyünü tanıyıb, tanıyır və bu mövqeyində də qalır", - Poluxov bildirib.

O deyib ki, BMT Beynəlxalq Məhkəməsinin konsultativ qərarına gəldikdə, bu yalnız Kosovo məsələsinə aiddir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Minsk qrupunun fəaliyyəti çərçivəsində ATƏT-in mandatı altında aparılır və Azərbaycan bu formatda da danışıqları davam etdirir.

Cümə axşamı BMT Beynəlxalq Məhkəməsinin sədri Hisasi Ovada (Yaponiya) Haaqada keçirilən açıq iclas zamanı konsultativ qərarı oxuyub. Qərarda deyilir ki, 2008-ci ilin fevralında Kosovo diyarının müstəqilliyinin elan edilməsi beynəlxalq hüquq normalarına zidd deyil.

Beynəlxalq Məhkəmə BMT-nin ali məhkəmə orqanıdır. Onun səlahiyyətlərinə dövlətlər arasında münaqişələrə baxılması, Baş Assambleya və ya BMT Təhlükəsizlik Şurasının sorğusu üzrə istənilən hüquqi məsələyə dair konsultativ qərarların verilməsi daxildir.

BMT Beynəlxalq Məhkəməsinin qərarlarından fərqli olaraq konsultativ qərar məcburi qüvvəyə malik deyil, lakin onun siyasi nəticələri ola bilər.

Kosovonun alban hakimiyyəti 2008-ci il fevralın 17-də ABŞ-ın və bir sıra Aİ ölkələrinin dəstəyi ilə birtərəfli qaydada diyarın müstəqilliyini elan edib. İndiyədək Kosovonun müstəqilliyini BMT üzvü olan 192 ölkədən 69-u tanıyıb.

Serbiya, eləcə də Rusiya, Çin, Hindistan və bir sıra nüfuzlu ölkələr Kosovonu tanımaqdan imtina ediblər və Kosovo albanlarının ayrılmaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqlarını hesab edirlər.

Kosovo diyarı BMT-nin inzibati idarəçiliyi və BMT TŞ-nin 1244 saylı qətnaməsinə uyğun olaraq 1999-cu ilin yayından NATO rəhbərliyi ilə KFOR (Kosovo Force) beynəlxalq qüvvələrinin nəzarəti altındadır. BMT TŞ-niin 1244 saylı qətnaməsi Yuqoslaviya müttəfiq respublikalarının (hazırkı Serbiya) ərazi bütövlüyünü dəstəkləyir, eləcə də Kosovonun yekun statusu haqqında qərarın qəbul edilməsini zəruri hesab edir.

Xəbər lenti

Xəbər lenti