...

Azərbaycanın millət vəkilləri Ramazan bayramı münasibətilə əsgərlərə baş çəkiblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2010 14:22 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Ramazan bayramı münasibəti ilə əsgərlərə baş çəkiblər. Trend-in məlumatına görə, Milli Məclisin deputatları Qənirə Paşayeva, Həvva Məmmədova, Sabir Hacıyev və Rauf Əliyev Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olublar.
Azərbaycanın millət vəkilləri Ramazan bayramı münasibətilə əsgərlərə baş çəkiblər (FOTO)

Azərbaycan, Tovuz, 10 sentyabr /Trend, müxbir V.Məmmədov/

Azərbaycanın millət vəkilləri Ramazan bayramı münasibəti ilə əsgərlərə baş çəkiblər. Trend-in məlumatına görə, Milli Məclisin deputatları Qənirə Paşayeva, Həvva Məmmədova, Sabir HacıyevRauf Əliyev Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olublar. Millət vəkilləri Ramazan bayramı münasibətilə əsgərləri təbrik edərək onlara şərəfli xidmətlərində daim ayıq-sayıq olmağı və düşmənə hər an layiqlı cavab verməyə hazır olmalarını arzulayıblar.

Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, müqəddəs bayramları ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərlə keçirmək hər bir vətəndaşın borcudur. "Ali baş komandan, ölkə başçısı İlham Əliyevin hər birimizin qarşısında qoyduğu məqsəd və vəzifə ondan ibarətdir ki, hər an hər bir ziyalı və sıravi vətəndaş əsgərlərimizin yanında olmalıdır. Onlar da hiss etməlidir ki, arxa cəbhədə hamı onlara güvənir və onlarla fəxr edir", - Paşayeva əlavə edib.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də toxunub.

"Münaqişənin həlli istiqamətində əsas missiyanı üzərinə götürən bu qurum əslində münaqişə bölgəsində vəziyyətə lazımi qiymət vermir. Bu, həmçinin digər beynəlxalq qurumların nümayəndələri vəziyyəti görməli və işğalçıları dayandırmaq üçün addımlar atmalıdırlar", - Paşayeva vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Paşayeva beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu deyib.

"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində BMT-nin və Avropa Şurasının qətnamələri var ki, onlara əsasən Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlardan geri çəkilməli və qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar. Bunun üçün ATƏT-in Minsk qrupunun həmsədrləri həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Lakin bu qurumun münaqişənin həlli istiqamətində ciddi addım atdığını Azərbaycan vətəndaşı görmür", - millət vəkili qeyd edib. - "Nəinki işğalçıya təzyiqlər edilmir, hətta ermənilər son günlər cəbhə xəttində atəşkəsi pozmaqla vəziyyəti daha da gərginləşdirirlər".

Millət vəkili Həvva Məmmədova da çıxışında Azərbaycan əsgərlərini Ramazan bayramı münasibəti ilə təbrik edib və ordumuzun gücündən danışıb. O, bildirib ki, cəbhə bölgəsində olanda, əsgərlərin nizam-intizamı və səliqə-sahmanına nəzər yetirdikdə ordumuzun hansı gücə sahib olması barədə təsəvvür yaratmaq olur. Məmmədova son günlər ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulduğunu, sivil insanların atəşə məruz qaldığını söyləyib. Millət vəkili bildirib ki, son vaxtlar baş verənlər barədə beynəlxalq təşkilatlara məlumat veriləcək.

Sabir Hacıyev isə öz çıxışı zamanı qeyd edib ki, ermənilər artıq hiss edir ki, beynəlxalq aləmdə uduzublar. Son dövrlər beynəlxalq aləmin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirən millət vəkili tökülən qanların ermənilər üçün baha başa gələcəyini söyləyib.

Görüşdə hərbi xidmətdə fərqlənən əsgərlərə hədiyyələr də təqdim edilib. Millət vəkili Rauf Əliyev hərbi hissənin futbol komandasına idman ləvazimatları verib. Əsgərlərlə bir yerdə nahar edən millət vəkilləri daha sonra ermənilərlə üzbəüz mövqedə dayanan əsgərlərlə görüşüblər. Hərbçilərimiz cəbhə xəttində baş verənlər barədə deputatlara məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti