...

Almaniyada təşkil olunan sərgidə qondarma "DQR"in ayrıca pavilyonla iştirak etməsinin qarşısı alınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2010 17:06 (UTC +04:00)
Almaniyada təşkil olunan sərgidə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ayrıca pavilyonla iştirak etməsinin qarşısı alınıb.
Almaniyada təşkil olunan sərgidə qondarma "DQR"in ayrıca pavilyonla iştirak etməsinin qarşısı alınıb

Azərbaycan, Bakı 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

Almaniyada təşkil olunan sərgidə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ayrıca pavilyonla iştirak etməsinin qarşısı alınıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, bu ilin 6-10 oktyabr tarixlərində Almaniyanın Frankfurt şəhərində növbəti beynəlxalq kitab sərgi-yarmarkası keçirilir.

Bəzi kütləvi informasiya vasitələrində, xüsusilə də erməni KİV-lərində bu sərgidə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ayrıca pavilyonla iştirak edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən müvafiq araşdırılma aparılıb və həqiqətən də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində mövcud olan separatçı rejimin bu sərgidə ayrıca pavliyonla təmsil edilməsinin nəzərdə tutulduğu məlum olub.

Məsələ ilə bağlı təcili olaraq Azərbaycanın AFR-dəki səfirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib, o cümlədən sözügedən sərginin rəhbərliyi ilə əlaqə saxlanılıb, onlara səfirliyin müvafiq izahedici məktubu və ermənilərin bu sərgidən siyasi təbliğat məqsədilə istifadə etməyi nəzərdə tutduqlarını ifşa edən materiallar göndərilib, sərgidən Dağlıq Qarabağda tanınmayan separatçı rejimin təbliğatının həyata keçirilməsi məqsədilə istifadə edilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb və bunun qarşısının alınması üçün müvafiq addımların atılması tələb edilib.

Qondarma rejimin sərgidə ayrıca pavliyonla iştirak etməyəcəyi sərginin rəhbərliyi tərəfindən təsdiq edilib və səfirliyin tələbinə uyğun olaraq, qondarma rejimi sərgidə "təmsil" edəcək müvafiq təşkilatla imzalanmış müqavilə ləğv edilib.

Separatçı rejimin sərgidə müstəqil pavliyonla təmsil edilməsinin qarşısı alınıb, o cümlədən sərginin internet ünvanında, təqdimatçıların kataloqu bölməsindən qondarma rejimi sərgidə "təmsil" edəcək təşkilat haqqında bütün məlumatlar çıxarılıb. Bununla da Almaniyada ermənilərin Dağlıq Qarabağda mövcud olan separatçı rejimi müstəqil dövlət kimi təqdim etməyə yönəlmiş növbəti cəhdi iflasa uğrayıb.

Xəbər lenti

Xəbər lenti