Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/
Meğri dəmiryolunu söküb əvəzində avtomobil şosesi tikməsi Ermənistanın Rusiyadanqaçma siyasətinin geridönməz olduğunun göstəricisidir. Bu barədə bazar ertəsi Trend-ə açıqlamasında politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
"Sovet dönəmində Ermənistanla Rusiya arasındakı yükdaşımaların 85 faizi Meğridən keçən dəmiryolu vasitəsi ilə reallaşmışdır. Bu yol həm də Azərbaycanı eksklav vəziyyətdə olan Naxçıvanla əlaqələndirirdi. Hazırda bu yolun böyük bir qisminin keçdiyi Azərbaycan əraziləri ermənilərin işğalı altındadır. Meğri dəmiryolunu sökməklə ermənilər həm də işğal olunmuş əraziləri geri qaytarmaq fikirlərinin olmadığını göstərirlər", - politoloq bildirib.
Qafan-Meğri dəmir yolu xəttinin demontaj olunaraq, avtomobil yolu ilə əvəzlənməsi planlaşdırılıb.
Əhmədoğlu qeyd edib ki, Meğri dəmiryolunun sökülüb avtomobil yolu ilə əvəz olunması başqa bir fikrə də əsas yaradır:
"Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dəfələrlə bəyan etmişdir ki, Qarsdan çıxan avtomobil yolu vasitəsi ilə Ermənistan ərazisindən keçərək Azərbaycana gəlmək arzusundadır. Beləliklə, Ermənistan yenidən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsini gündəliyə gətirməyə hazırlaşır. Dövrümüz kommunikasiyalar və əlaqələrin genişliyi ilə xarakterizə olunur. Ermənistan Rusiyanın strateji müttəfiqidirsə, onunla 3-4 variantda kommunikasiya əlaqəsi qurmalıdır. Meğri dəmiryolunun sökülməsi bunun tam əksini göstərir" politoloq əlavə edib.