...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ardıcıl və prinsipial mövqeyinə görə Ukraynaya çox minnətdardır – Prezident İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2010 12:57 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində bildirib.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ardıcıl və prinsipial mövqeyinə görə Ukraynaya çox minnətdardır – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində bildirib. İlham Əliyevin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllinin uzanması status-kvonun saxlanmasının onun maraqlarına xidmət etdiyini hesab edən Yerevanın yanlış təsəvvürü ilə də bağlıdır. Ukraynanın "Den" ("Gün") qəzeti yazır.

"Erməni tərəfi nizamlanma prosesini hər vasitə ilə yubatmağa cəhd edir. Artıq razılaşdırılmış məsələlər yenidən Ermənistan tərəfindən müzakirə mövzusu kimi irəli sürülür. Bununla da bu prosesi sonsuzluğa qədər uzatmaq cəhdləri açıq-aydın görünür. Başlıca səbəb də bundadır", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, ikinci səbəb beynəlxalq ictimaiyyətinin özünün qəbul etdiyi beynəlxalq təşkilatların qərarlarına çox laqeyd yanaşmasıdır. Ermənistan beynəlxalq hüquq normalarını çox kobud şəkildə pozur.

"Dünya birliyinin tanıdığı Azərbaycan ərazisi 20 ildir işğal altındadır. Hərbi cinayətlər törədilib, Xocalı şəhəri tamamilə məhv edilib və azərbaycanlılara qarşı soyqırım aktı törədilib, 613 dinc sakin öldürülüb, onların yüzdən çoxu uşaqlar olub. Bu qanlı hərbi cinayətlərə dünya ictimaiyyəti tərəfindən demək olar heç bir reaksiya verilməyib ki, bu da "təcavüzkarın iştahasını" daha da artırıb", - dövlət başçısı deyib.

"Məsələnin tarixinə gəldikdə, Dağlıq Qarabağ tarixən daim Azərbaycanın ərazisinin bir hissəsi olub. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir, erməni dilində o heç bir məna ifadə etmir", - İlham Əliyev bildirib.

"Sovetlər dövründə Dağlıq Qarabağ vilayətinin mərkəzi 1920-ci illərdə Stepan Şaumyanın şərəfinə Stepanokert adlandırılmışdı. Bu şəhərin tarixi erməni adı olmayıb, bu şəhər Xankəndi adlanıb. Əlbəttə ki, tarixi fon vacibdir və biz bu barədə heç vaxt unutmamalıyıq", - Azərbaycan Prezidenti deyib.

Prezidentin sözlərinə görə, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş ərazilərdən - təkcə Dağlıq Qarabağdan deyil, ətraf yeddi rayondan bütün işğalçı qüvvələrin çıxarılması daha vacibdir.

"Əhalinin öz müqəddəratını təyinetmə hüququna gəldikdə, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çox uğurla həll oluna bilər. Bu məsələdə erməni siyasətçilərinin siyasi iradəsi, eləcə də vasitəçilərin fəal mövqeyi lazımdır. Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq. Biz onu bərpa edəcəyik. Çox istərdik ki, bu, hərbi əməliyyatlar olmadan, çox tez olsun", - İlham Əliyev bidlirib.

Prezident İlham Əliyev Ukraynaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəzilik Şurasının qətnamələrinə tam uyğun gələn ardıcıl və prinsipial mövqeyinə görə minnətdarlığını bildirib.

"Həmçinin, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda BMT Baş Assambleyasında Azərbaycanın təqdim etdiyi qətnaməyə səsvermə zamanı Ukraynanın dəstəyini böyük minnətdarlıq hissi ilə qəbul etdilər", - o deyib.

"Biz bütün münaqişələrin həll olunmasını istəyirik. Və əgər bu baş verərsə, mən əminəm ki, bütün tərəflər bundan yalnız xeyir götürəcəklər. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi bir nömrəli problemdir. Daha doğrusu, bundan başqa mən nə bu gün, nə ortamüddətli, nə də uzunmüddətli perspektivdə daha vacib problem görmürəm", - Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edir, ölkə dinamikdir, müasirdir və regional məsələlərdən əlavə, dünya məsələlərində artıq müəyyən çəkiyə malikdir.

"Dağlıq Qarabağ münaqişəsi bizim iqtisadi inkişafımızın qarşısını ala bilmədi: bir milyon qaçqın və məcburi köçkünün olduğu 9 milyonluq əhali ilə biz belə uğurlara nail olduq. Bir anlıq təsəvvür edin ki, bizim belə bir problemimiz yoxdur: axı, biz təkcə müdafiəyə deyil, eləcə də qaçqınların normal evlərdə yerləşdirilməsinə nə qədər vəsait sərf edirik, biz qəsəbələr, məktəblər, xəstəxanalar, yollar tikirik. Biz buna yüz milyonlarla dollar xərcləyirik", - o deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, eyni məsələ Ermənistana da aiddir, o, regional əməkdaşlıq layihələrinə, iqtisadi inteqrasiyaya cəlb oluna bilərdi.

"Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayıb, bu baş verməyəcək. Fikrimcə, onlar Türkiyə ilə öz münasibətlərinin nizamlanmasına tamamilə əsassız ümid bəsləyirlər və Ermənistan-Türkiyə sərhədinin açılmasına bel bağlayırlar. Lakin bu baş verməyəcək. Əvvəla, ərazi iddialarına malik olduğun və bütün beynəlxalq təşkilatlarda qondarma "soyqırım"la ləkələməyə çalışdığın ölkə ilə münasibətləri normallaşdırmaq olmaz", - İlham Əliyev bidlirib.

"Digər tərəfdən, regionda əməkdaşlığın qarşısını alan əsas amil - Qarabağ münaqişəsi mövcuddur", - dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, ona görə də bu gün Ermənistanın bir perspektivi var - ya işğallı siyasəti bundan sonra da davam etdirmək, beynəlxalq normaları pozmaq və özünü daha da küncə sıxışdırmaq, ya da bundan imtina etmək, Azərbaycan və digər ölkələrlə normal münasibətlər qurmaq.

"Axı, Ermənistanın ərazi iddiaları təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, regionda elə ölkələr var ki, onlara qarşı iddialar hələlik, necə dəyərlər, yük yerində qalır. Axı, biz həmişə bu regionda yaşayacağıq. Ona görə də həmişə düşmənin deyil, varlı dost qonşunun olması daha yaxşıdır", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti