...

ABŞ-da ermənilərdən ibarət beynəlxalq cinayətkar qrupun oğurladığı külli miqdarda pul Dağlıq Qarabağ separatçılarına yatırıla bilər - Azərbaycan politoloqları

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanlı politoloqlar hesab edir ki, ABŞ-da ermənilərdən ibarət beynəlxalq cinayətkar qrup tərəfindən oğurlanan külli miqdarda pul Dağlıq Qarabağ separatçılarına yatırıla bilər.
ABŞ-da ermənilərdən ibarət beynəlxalq cinayətkar qrupun oğurladığı külli miqdarda pul Dağlıq Qarabağ separatçılarına yatırıla bilər - Azərbaycan politoloqları

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı politoloqlar hesab edir ki, ABŞ-da ermənilərdən ibarət beynəlxalq cinayətkar qrup tərəfindən oğurlanan külli miqdarda pul Dağlıq Qarabağ separatçılarına yatırıla bilər.

"Beynəlxalq cinayətkar dəstənin başında duran Qarabağ ermənisidir. Dəstənin törətdiyi cinayətin Dağlıq Qarabağla bağlılığı istisna olunmur. ABŞ-da oğurlanan pulun Dağlıq Qarabağa yatırılması mümkündür", - bunu çərşənbə günü Trend-ə politoloq Rasim Musabəyov bildirib.

Amerika Birləşmiş Ştatlarında maliyyə fırıldaqlığı ilə məşğul olan ermənilərdən ibarət beynəlxalq cinayətkar dəstə yaxalanıb. Saxlanılan şəxslər ABŞ-ın 25 ştatında 118 saxta klinika yaradaraq tibbi sığorta xərcləri adı ilə dövlətin büdcəsindən 163 milyon dollar oğurlaya biliblər. Dəstənin başında "Pzo" ləqəbli Armen Kazaryan durur.

Bu hadisədən sonra ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri cinayətkar dəstənin Ermənistan bankları ilə əlaqələrini yoxlamaq üçün bu ölkəyə gəliblər.

Musabəyov hesab edir ki, istintaq həmin cinayətkar qrupun birbaşa terror təşkilatları ilə əlaqələrinin olub-olmamasını müəyyənləşdirməlidirlər.

Politoloqun fikrincə, ABŞ-da oğurlanmış pullar daha çox Ermənistanda yuyulub.

"Düşünürəm ki, hadisələrin araşdırılmasında Ermənistan tərəfi özünü səmimi aparacaqsa, istintaq nəticəsində müəyyən olunan faktlarla bağlı ABŞ tərəfi ilə əməkdaşlıq edəcəksə, o insanların tutulmasında, onların oğrladıqları pulların müsadirə olunmasında iştirak edəcəksə, bu, Ermənistan dövləti və rəhbərliyi üçün az itki ilə başa çata bilər. Əks halda, həm ermənilərin ABŞ-da olan hesablarına həbs qoyula və Ermənistana ayrılan yardımlar azala və ya kəsilə bilər", - Musabəyov bildirib.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu isə Trend-ə açıqlamasında bildirib ki, ABŞ-da oğurlanan pulların Dağlıq Qarabağ separatçılarına yatırılması real görünür.

"Hazırda bütün dünya erməniləri həm də etno-kriminal sosial şəbəkəyə çevriliblər. Bütün dünyada olan ermənilərdə cinayətə meyillilik var. Dünyanın birinci yerdə dayanan terrorçu qruplaşmalarını ermənilər yaradıb", - Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistanda keçirilən 4 seçkidə - iki parlament, iki prezident seçkisində kriminal elementlər ən aktiv təbəqə olub.

"Köçəryanın ikinci dəfə prezident seçilməsində, Sarkisyanın prezident seçilməsində kriminal elementlərin mühüm rolu oldu. Ermənistan xalqı prezident seçəndə, parlament seçəndə kriminal erməni dünyasına da başçı seçirlər", - Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, ermənilərdən ibarət beynəlxalq cinayətkar qrup ifşa edildikdən sonra artıq ABŞ-ın Ermənistana qarşı mövqeyi dəyişib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti