...

Zəngilanın işğalından 17 il ötür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 09:41 (UTC +04:00)
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 17 ili tamam olur.
Zəngilanın işğalından 17 il ötür

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 17 ili tamam olur.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdur.

Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdür. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Zəngilan inzibati ərazi vahidi - rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid vermiş, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.

Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olmuşdur. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil etmişdir.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.

Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar vardır. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar. Digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülmüşdür. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmamış, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırmışdır. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar.

Xəbər lenti

Xəbər lenti