...

"Xocalıya ədalət" kampaniyasının "Ədalət naminə dostunu işarələ" adlı qlobal üçüncü fazası uğurla başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 13:23 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının Facebook səhifəsində start götürmüş "Ədalət naminə dostunu işarələ" adlı qlobal kampaniyanın üçüncü fazası uğurla başa çatıb.
"Xocalıya ədalət" kampaniyasının "Ədalət naminə dostunu işarələ" adlı qlobal üçüncü fazası uğurla başa çatıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının Facebook səhifəsində start götürmüş "Ədalət naminə dostunu işarələ" adlı qlobal kampaniyanın üçüncü fazası uğurla başa çatıb. Bu barədə cümə günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Bakı Ofisinin yaydığı məlumatda məlumat verilib.

Məlumatda qeyd olunur ki, kampaniya nəticəsində 4 gün ərzində 5 000-dən çox insan "Xocalıya ədalət" kampaniyasının Facebook səhifəsinin qonağı olub; 460 nəfər öz dostunu işarələyib və bunun nəticəsi olaraq, "Xocalıya ədalət" kampaniyasının yardımı olaraq, "Save Darfur" ("Darfuru xilas et") kampaniyasına maliyyə dəstəyi göstərilib. Kampaniya Facebook sosial şəbəkəsinin verdiyi imkanlardan istifadə edilməklə, Xocalı soyqırımı haqqında həqiqətləri daha geniş beynəlxalq auditoriyada, xüsusilə, Facebook-un 500 milyon istifadəçisi arasında yaymaq məqsədi güdür.

Kampaniyanın növbəti mərhələsi "Ədalət naminə dostunu işarələ, qlobal istiləşməni dayandır" adlanacaq; dördüncü mərhələ noyabrın 1-də başlanacaq.

Kampaniyanın internet ünvanı: http://www.facebook.com/pages/Justice-for-Khojaly-Campaign/101823787520#!/pages/Justice-for-Khojaly-Campaign/101823787520?v=wall

"Xocalıya ədalət" kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilmişdir. ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınmış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən ifa edilmiş "Xocalıya ədalət" repüslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb.

Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il Kampalada (Uqanda) İKT-yə üzv dövlətlərin Parlament Birliyi və Düşənbədə (Tacikistan) keçirilən İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən sənədlərdə Xocalı qırğını "insanlığa qarşı cinayət" kimi qiymətləndirilib. Hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir. http://justiceforkhojaly.org/?p=petition

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1 275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti