...

NATO-nun zirvə toplantısında qəbul olunmuş Bəyannamə Azərbaycanın mövqeyini gücləndirir - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2010 18:11 (UTC +04:00)
NATO-nun Lissabonda keçirilən zirvə toplantısında qəbul olunmuş Bəyannamə Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini gücləndirir.
NATO-nun zirvə toplantısında qəbul olunmuş Bəyannamə Azərbaycanın mövqeyini gücləndirir - vitse-spiker

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Əliyev/

NATO-nun Lissabonda keçirilən zirvə toplantısında qəbul olunmuş Bəyannamə Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini gücləndirir. Bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"NATO-nun Lissabonda keçirilən zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ciddi əhəmiyyət kəsb edir", - Muradova bildirib.

Noyabrın 19-dan 20-dək Portuqaliyanın Lissabon şəhərində keçirilmiş NATO-nun zirvə toplantısının Bəyannaməsində Alyansın üzv dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün məhz münaqişənin həlli kontekstində dəstəklənməsi ilə bağlı mövqeyini əks etdirən bənd bir daha təsdiq edilib.

Bəyannamənin 35-ci bəndində qeyd olunur ki, əsas məqsəd Avroatlantik məkanda sülhün bərqərar olunmasıdır, Cənubi Qafqazda və Moldova Respublikasında uzadılmış regional münaqişələrin təkidlə davam etməsi Alyans üçün ciddi narahatlıq doğuran məsələ olaraq qalır. "Biz bütün tərəfləri münaqişənin sülh yolu ilə həllində konstruktivlik və güclü siyasi iradə göstərməyə və hazırkı danışıqlar formatına hörmət etməyə çağırırıq. Biz münaqişə tərəflərini regional təhlükəsizlik və sabitliyə xələl gətirən addımlardan çəkinməyə səsləyirik. Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstəyimizə sadiq qalırıq, həmçinin, bu regional münaqişələrin həmin prinsiplər nəzərə alınmaqla sülh yolu ilə həll edilməsi naminə səyləri dəstəkləməyə davam edəcəyik", - Bəyannamədə deyilir.

Muradova bildirib ki, NATO ilə yanaşı bir sıra beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında sənədlər qəbul edib.

"ATƏT-in Minsk qrupunun həmsədrlərindən ikisi - ABŞ və Fransa NATO-nun üzvüdür. Bu dövlətlər həmin Bəyannaməyə imza atıblar. Digər həmsədr - Rusiyanın fəal təşəbbüsləri göz qabağındadır. Hesab edirəm ki, həmsədrlər bu mövqelərinə sadiq qalsalar və prinsipiallıq göstərsələr ATƏT-in Astanada keçiriləcək zirvə sammitində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi qərar qəbul oluna bilər", - vitse-spiker vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti