...

Ermənistan rəhbərliyi bu dövləti siyasi və diplomatik dalana salıb - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2010 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın qarşısına qoyduğu əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

"Dünyada beynəlxalq hüquq anlayışı da mövcuddur ki, münaqişələr bunların əsasında həll olunmalıdır. Bu gün dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini qəbul edir və dəstəkləyir. Bunun bariz nümunəsi də məhz NATO-nun üzvü olan 28 dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atmasıdır. Əbəttə ki, hazırda dünyada mütləq çoxluq da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Yəni bütün bunlar o deməkdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar göstərilən əsaslar üzərində aparılır", - Məmmədov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Administrasiya  rəsmisi hesab edir ki, əgər ermənilər dərindən düşünsələr anlayarlar ki, bu münaqişənin ədalətli həlli Ermənistan dövlətinin də xeyrinə ola bilər.

"Bu ilin əvvəlindən başlayaraq münaqişənin həlli istiqamətində intensiv danışıqlar aparılır. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya daha çox aktivlik nümayiş etdirir. Son görüşlərin təşkil olunması da bu fikri bir daha sübut edir. Son zamanlar ATƏT də Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün aktivlik nümayiş etdirir. Təşkilatın sədri münaqişənin tezliklə və beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir. Bu gün dünya birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur", - Məmmədov əlavə edib.

Onun sözlərinə görə, ATƏT-in Astana sammitində də Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır.

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının adında təhlükəsizlik sözü birbaşa Cənubi Qafqaza aiddir. Amma təəssüflər olsun ki, mənim şəxsi mövqeyimə görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı münaqişənin həllində vasitəçiliyi həmsədrlərə tapşıraraq, onların arxasında durub qətiyyətli mövqe nümayiş etdirmədən problemin həllinə ehtimal prinsipindən yanaşır. Bu böyük təşkilat qarşısına qoyduğu vəzifənin həyata keçirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması naminə çox ciddi addımlar atmalı, sənədlər qəbul etməli və Ermənistana təzyiqləri artırmalıdır", - diplomat deyib.

ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək, orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

ATƏT-in yüksək səviyyəli sammitləri 1975-ci ildə təşkilatın yarandığı andan keçirilir. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda baş tutub.

Məmmədov bildirib ki, bu gün Ermənistan Prezidenti ATƏT-in Astana sammitində iştirak etməmək barədə düşünür.

"Amma mən düşünürəm ki, hər halda o, sammitə gələcək. Çünki dünyanın geosiyasi mənzərəsini formalaşdıran böyük sammitdə iştirak etməmək Ermənistan Prezidenti və bu ölkənin diplomatiyası üçün həqiqətən də siyasi iflas ola bilər. Hesab edirəm ki, Ermənistan Prezidenti ATƏT-in Astana sammitində iştirak etmək məcburiyyətindədir. Ümumiyyətlə, bütün bunlar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi avantürist, əsaslandırılmamış, qeyri-konstruktiv mövqeyi ilə özünü çətin bir vəziyyətə salıb. Ermənistan rəhbərliyi həqiqətən bu gün bu dövləti siyasi və diplomatik dalana salıb və çıxış yolu tapa bilmir", - Məmmədov müsahibəsində söyləyib.

Məmmədov bildirib ki, bu təşkilatın etibarlı və güclü tərəfdaşı olaraq, dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesində xüsusi rolu olan dövlət kimi ABŞ da qətiyyətli mövqe ortaya qoymalıdır.

"Əlbəttə ki, ABŞ-da qondarma "respublikanın prezidentinin" şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla ABŞ arasındakı münasibətlərin ruhuna uyğun deyil. Axı bu məsələ beynəlxalq hüquqda da qəbul edilməyən bir proses kimi göstərilir. Təbii ki, belə hallar olmamalıdır. Biz ABŞ-ın ədalətin bərpa olunması, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması prosesində aktiv iştirakını istəyirik. Əlbəttə ki, ABŞ-dan bu cür mövqeni ATƏT-in sammitində də ortaya qoymasını gözləyirik", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti