...

Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur – ATƏT PA-nın xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2010 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsi Qoran Lenmarker belə hesab edir.

"Beynəlxalq birliyin Qarabağ münaqişəsinin təxminən necə həll olunacağı barədə təsəvvürü var", - Lenmarker bu gün Yerevanda mətbuat konfransında bildirib. Məlumatı "Armenia Today" yazır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas diqqət problemin texniki həllinə deyil, münaqişə tərəflərində həllin tapılması üzrə siyasi iradənin olmasına verilməlidir. "Həm Ermənistan, həm də Azərbaycan qarşılıqlı tənə və ittihamlar siyasətindən uzaqlaşmalı, daxili disput və müzakirələrə başlamalıdırlar. Əgər münaqişənin nizamlanmasına hazırlıq varsa, o zaman hər iki ölkə ictimaiyyəti siyasi qərar və kompromislərə hazır olmalıdır", - Lenmarker deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti