...

Qazaxıstan ümid edir ki, Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını sürətləndirəcək – ATƏT-in fəaliyyətdə olan sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2010 18:07 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 noyabr /Trend, müxbir A.Maratov/

Qazaxıstanda və ümumilikdə ATƏT-də səmimi qəlbdən ümid edirlər ki, təşkilatın qarşıdakı Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə gələcək nizamlanmasını sürətləndirəcək. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev bəyan edib. Məlimatı bazar ertəsi Qazaxıstan XİN-in mətbuat xidməti yayıb.

"Astana sammiti ərəfəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Minsk qrupunun həmsədrlərini cari vəziyyəti və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə etmək üçün qəbul edib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin həlli uzanan münaqişələr üzrə şəxsi nümayəndəsi, səfir Anji Kaspşik də iştirak edib", - məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, İqor Popov və Robert Bratke ATƏT-in fəaliyyətdə olan sədrini münaqişənin nizamlanması üzrə işlərin nəticələri, eləcə də ötən həftə Azərbaycan və Ermənistana səfərləri barədə məlumatlandırıblar.

"Görüş zamanı Kanat Saudabayev qeyd edib ki, Qazaxıstanda və ümumilikdə ATƏT-də təşkilatın qarşıdakı Astana sammitinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə gələcək nizamlanmasını sürətləndirəcəyinə səmimi qəlbdən ümid edirlər", - məlumatda qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti