Azərbaynan, Bakı, 13 fevral /Trend/
Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə bir sıra xatirə və təbliğat xarakterli silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır, xəbəri Azərbaycanın Türkiyədəki səfirliyi bazar günü yaydıi. Qeyd olunan silsilə tədbirlər arasında:
1-Qazi Universitetində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş telekonfrans vasitəsilə canlı olaraq Azərbaycan Tibb Universiteti ilə birgə tədbir keçirilməsi,
2-Ankara şəhərinin Etimesqut Bələdiyyəsi ilə birgə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş xatirə tədbirinin təşkil edilməsi,
3- Ankara şəhərinin Keçiörən Bələdiyyəsində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması və geniş tərkibli xatirə tədbirinin keçirilməsi,
4-TÜRKSAM (Türkiyə Strateji Araşdırmalar Mərkəzi) ilə müştərək olaraq konfrans təşkil olunması,
5-Xocalı faciəsi ilə bağlı yüksək tirajlı mətbuatda müxtəlif məqalələrin dərc olunması
6- Türkiyənin nüfuzlu fikir quruluşlarından biri olan USAK (Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi) ilə müştərək olaraq geniş tərkibli elmi konfransın təşkil olunması mövcuddur.
Bütün bunlarla yanaşı Türkiyənin Samsun, Adana və Kayseri şəhərlərində də Azərbaycan səfirliyin dəstəyi və diaspor nümayəndələrinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərə yerli KİV-in cəlb olunması və qeyd olunan tədbirlərin yerli KİV-də işıqlandırılmasının təmin olunması da nəzərdə tutulur. Yuxarıda qeyd olunan bütün tədbirlərdə, Ankarada təhsil alan universitet tələbələrinin, polis akademiyası tələbələrinin, ali hərbi məktəb tələbələrinin və diaspor nümayəndələrinin iştirakının təmin olunması, eləcə də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı Faciəsinin "insanlığa qarşı cinayət" kimi tanınması məqsədilə tədbirlərdə iştirak edənlərin imzalarının toplanması qarşıya qoyulmuş məqsədlərdəndir.
Səfirlik tərəfindən həmçinin, Xocalı Soyqırımı ilə bağlı pres-reliz hazırlanaraq Ankaradakı diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların təmsilçiliklərinə, müvafiq dövlət qurumlarına, fikir quruluşlarına, KİV orqanlarına və siyasi icmalçıların internet adreslərinə göndərilməsi də planlaşdırılır.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.